Birlik Qurultayınız xeyirli olsun!
Əziz və hörmətli qan qardaşlarım! Öncə Sizi – dost və qardaş Türkiyə Cumhuriyətində məskunlaşan yurddaşlarımı gələn ilin aprelində keçirəcəyiniz ilk Birlik Qurultayınız münasibətilə şəxsən öz adımdan, eləcə də Qazaxıstanda yaşayan 200 mindən çox azərbaycanlı adından səmimi qəlbdən təbrik edir, Birlik, Həmrəylik yolunda uğurlar diləyirəm!
Taleyin hökmü, alnımızın yazısı ilə biz azərbaycanlılar dünyanın müxtəlif bölgələrinə səpələnmişik. Kimimiz zamanın fəlakətli burulğanına düşərək, dövrün qəddar rejimi idarəçiləri və düşmənlərimiz tərəfindən doğma yurd-yuvalarından sürgün edilmiş, kimimiz həyatla mübarizəyə qalxaraq bir qarın çörək pulu qazanmaq üçün qürbət ellərə üz tutmuşuq, kimimiz də qardaş ocağına sığınaraq xoş, firavan həyat qurmuşuq.
Bizim ata-babalarımız 1929-1932-1937-38 və 1950-ci illərdə Azərbaycan, Gürcüstan və Qərbi Azərbaycandan (indiki Ermənistan) Qazaxıstan və Sibir çöllərinə sürgün olunublar. Sovet İmperiyasının parçala və məhv et siyasəti bizləri hər zaman buxovda saxlayıb. Soyuq müharibə illərində bu taydan – tikanlı məftillərin sərhəd çəkdiyi, lakin qəblərimizin heç vaxt bir-birinə qapalı olmayan hissləri vasitəsilə həsrət, nisgil pərdələrini dağıda bilmiş, Güney Azərbaycan həsrətini içimizdə yaşatmışıq. İndi müstəqil Türk Cumhuriyətlərində yaşamaqla istədiyimiz zaman bir-birimizlə əlaqə saxlaya və bir-birimizin pişvazına gedə bilirik.
Bu ilin oktyabr ayının sonlarında tarixdə ilk dəfə olaraq biz Qazaxıstan Azərbaycanlıları Birinci Birlik Qurultayımızı keçirdik və az-çox qarşımıza qoyduğumuz istəyə nail olduq. Tam birləşməyimizə nail olmasaq da, ən başlıcası o mühüm, uğurlu başlanğıc addımını atdıq.
İnanıram ki, 3 milyonluq Türkiyə azərbaycanlıları özlərinin ilk Birlik Qurultayında dünyanın müxtəlif bölgələrində Birlik, Bərabərlik və Həmrəylik adı altında keçirilən Qurultay, Konqres və Toplantıların öndərinə çevriləcək, əsil BİRLİK nümunəsi göstərəcəkdir.
Əziz Təşkilat Komitəsi üzvləri! Fürsətdən istifadə edərək, bir daha Sizi Birlik Qurultayınız və qarşıdan gələn Dünya Azərbaycanlılarının 31 Dekabr Həmrəylik Günü, eyni zamanda Yeni təqvim ili – 2011-ci il münasibətilə təbrik edir, hər birinizin ailəsinə can sağlığı və nailiyyətlər arzulayıram!
Səmimi istək və hörmətlə,
Əbülfəz MÜSLÜMOĞLU,
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi.
Qazaxıstan, Almatı şəhəri,
22 dekabr, 2010-cu il.
Hiç yorum yok:
Yorum Gönder