6 Şubat 2011 Pazar

QURULTAYIMIZ - "Birimiz hamımız, hamımız birimiz üçün"



Üzümüzə gələn Nisan (Aprel) ayının 23-24-cü günlərində İzmir şəhərində "Türkiyədə Yaşayan Azərbaycan Türklərinin Birinci Qurultayı"nı keçirəcəyik.

   Bu qurultayın təşkili fikrini araya gətirənlər Cəmal Məhməthanoğlu və Ayhan Dəmirçidir. Bəri başdan bu iki qardaşıma səmimi qəlbdən təşəkkürlərimi çatdırıram.

   "Bu cür bir qurultayın təşkili gərəkdir mi?" sualı verilə bilər. Bu suala belə cavab verərdim: "Bəli, gərəkdir, həm də çox..!". İndiyə kimi Türkiyədə illər ərzində Azərbaycanla bağlı yüzlərlə yığıncaq, konfrans, qurultay və konsert təşkil olundu. Anadoluda yaşayan heç bir Türkiyə vətəndaşı Azərbaycanı ayrı, yəni yad bir dövlət, Azərbaycan Türklərini də özünə yad bir xalq gözündə görmədi.

   Soyuq Hərb dövründə, yəni Azərbaycan Rus qapazı altında nalə çəkərkən Anadolunun hər guşəsində yaşayan bacı-qardaşlarımız, çobanından ziyalısına, məmurundan ticarət ərbabına, siyasətçisindən aliminə kimi hamının ürəyində həsrət qoxuyan bir Azərbaycan sevdası alovlanırdı. Müqəddəs Anadolu torpağında dünyaya gəlmiş, əbədi və uğurlu dövlətimizin məktəblərində təshil almış bir şəxs kimi Türkiyənin hər bir künc-bucağını dolandım və o vaxtlar hər bir Türkiyəlidə gördüyüm, şahidi olduğum Azərbaycan sevgisini təsvir etməyə qələmim və söz ehtiyatım aciz qalır. 1988-ci ildə həyat yoldaşımla Azərbaycana getdikdə həmin sevginin əksini orada gördüm. Hətta Azərbaycandakı Türkiyə sevdası tamamilə başqa idi. Azərbaycanlı bacı-qardaşlarımızın bizə duyduğu məhəbbət, bizim onlara duyduğumuzdan qat-qat artıq idi. Bu da, iki qardaş xalqın əzəli və əbədi birliyini vurğulayan ən önəmli fakt idi.

   Azərbaycan Türkcəsində belə bir atalar sözü işlədilir: "Su axar çuxurunu tapar. Gün gəldi, Azərbaycanda hər bir şəxsin ürəyində böyüyən millətçilik fikri qar uçqununa döndü və Rusun yaratdığı maneələri darmadağın etməyə başladı. Artıq küçələrin qulaqları millətçilərin haraylarından batmağa başladı. Azərbaycan gəncliyi artıq rusların onlara ağalıq etməsinə dözə bilmirdi, bilməzdi də... Dəli Pyotrdan başlayan rus imperializm fikri Bolşevik rusların da kommunizm pərdəsi altında yeritdiyi bir siyasət idi və bu ağaların qarnı Azərbaycandakı millətçi hərəkatdan bərk ağrımağa başlamışdı. Nəhayət, Bakıda 20 Yanvar qırğınını törətdilər və iptidai vampir surətlərini bütün dünyaya nümayiş etdirdilər. Ancaq bu qırğın Azərbaycan Türklüyünün müstəqillik həsrətini daha da alovlandırdı.

   O vaxt bizlər də Türkiyədə və Avropada Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır, əlimizdən nə gəlirsə onu həyata keçirirdik. Azərbaycan Türklərinin yetirdiyi fenomen şəxsiyyətlərdən biri olan Əbülfəz Elçibəy millətçilərin ən ön səfində Qırmızı Rus İmperializminə qarşı xalqının müstəqillik carçısıydı və xalq onun öndərliyində öz müstəqilliyini qısa zamanda əldə etdi, 1918-ci ildə yaratdığı cümhuriyyətini bərpa elədi. Ancaq Rus imperializmi yediyi şilləni unutmamışdı. İçəridəki casuslarını və öz yançılarını işə salaraq ölkəni qarışdırmaqla kifayətlənmədi, erməniləri də öz ordularının içinə qatıb Azərbaycan torpaqlarını qan dəryasına çevirdi, tarixin və bəşəriyyətin alnına qara bir ləkə kimi yaxılan Xocalı Soyqırımını yaratdı. Və səhnəyə rusu çox yaxşı tanıyan Azərbaycanın ayrı bir fenomen dövlət xadimi Heydər Əliyev çıxaraq ölkənin yönünü Türkiyə üstündən qərbə döndərdi. Təzəcə müstəqilliyini qazanmış, ancaq çağdaş demokratiya təcrübəsi olmayan Azərbaycanın hər cürə köməyə və dəstəyə ehtiyacı vardı. Qardaş Türkiyə əlindən nə gələrsə onu əsirgəmədi və hələ də əsirgəmir, öhdəsinə düşən qardaş məsuliyyətini bütün uluslar arası təzyiqlərə baxmayaraq yerinə yetirir və yetirəcəkdir. Bu həqiqəti siyasilərimiz və dövlət xadimlərimiz ən yüksək səviyyədə hər vəsilə ilə dilə gətirirlər.

   Türkiyədə yaşayan bizlərin də boynuna müəyyən məsuliyyətlər düşür. Türkiyədə dünyaya gəlib boya-başa çatsaq da, Türkiyə vətəndaşı olsaq da, qardaş Azərbaycan Cümhuriyyətinin müəyyən problemlərini könüllü şəkildə çiyinləmək ən təbii qardaşlıq hüququmuz və məsuliyyətimizdir. Bizə bu hüququ və məsuliyəti, əzəli və əbədi dövlətimiz Türkiyə Cümhuriyyəti aşılayıbdır. Bu məsuliyyəti öhdələnməyimiz heç kəsi nigaran etməməlidir, çünkü bizim Türkiyədən də, Azərbaycandan da sevgidən və qardaşlıqdan savayı nə hər hansı tələbimiz, nə də hakimiyyət və ya müxalifəti dəstəkləmək kimi bir fikrimiz vardır. Bu anda Türklüyə qarşı dünya səviyyəsində dəhşətli bir antitəbliğat yeridilir. Diasporamız istədiyimiz səviyyədə güclü deyildir. Bu da bizim səriştəsizliyimizdən və ya biliksizliyimizdən yox, imperialist qüvvələrin bizə qarşı ilkin fikirli rəftar etməsindən bəhrələnir, özgə bir səbəbi də yoxdur.

   Hal belə ikən qardaş Türk xalqları olaraq əl-ələ vermək məcburiyyətindəyik. Azərbaycanın Türkiyədə 74 milyon müdafiəçisi, Türkiyənin də Azərbaycanda 9 milyon arxası vardır. Bizlər bu qurultayı təşkil etməklə sadəcə olaraq Türkiyədə yaşayan Azərbaycan köklü olanların bir araya gəlib bir-birlərini tanımasına nail olmaq və aramızdakı ünsiyyəti möhkəmləndirmək, imperialist ölkələrin hardasa Demoklun qılıncına döndərdiyi 24 Nisan günündə bütün dünyaya öz haqq mesajımızı çatdırmaq məqsədini güdürük. Bununla da Azərbaycanın səsinə gücümüz səviyyəsində dəstək olmaq istəyirik. Azərbaycanın Dövlət Komitəsi və Azərbaycan Dövləti də bu qurultaya ayrı gözlə baxmamalıdır və baxmayacağına da əminik, ancaq yenə də öz ürəyimizdəkiləri hamıyla bölüşmək istəyirik.

   Bizlər, əmir Teymur-İldırım Bayəzid, Fateh-Uzun Həsən, Yavuz-Şah İsmail Xətai ixtilaflarının millətimizin başına nə kimi bəlalar açdığını iptidai məktəbdən tutmuş öyrənərək və ruhumuza həkk edərək yetişdik, şüurlandıq. Cümhuriyyətimizin təhsil sistemi bizə onları öyrətdi. Niyyətimiz safdır və xalisanədir, çünkü biz; "birimiz hamımız, hamımız birimiz üçün" ideyasının öz əksini taptığı bir məsləkin dönməz nəfərləriyik.

Hiç yorum yok:

Yorum Gönder